ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Həmkarlar ittifaqını necə yaratmaq olar?

İşçilərin, pensiyaçıların, təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi məqsədilə öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə ən azı 7 nəfər olmaqla həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.

Kimlər həmkarlar ittifaqlarına üzv ola bilər?

İşçilər, pensiyaçılar, təhsil alan şəxslər öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq hüququna malikdir.
 

Kimlər həmkarlar ittifaqlarına üzv ola bilməzlər?

“Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə verilmir.
 

İş yerlərində əməyin mühafizəsi dedikdə nə başa düşülür?

Əməyin mühafizəsi dedikdə, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə əmək məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena tədbirləri normaları və standartları sistemi başa düşülür. İşçiyə iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması işəgötürənin vəzifəsidir. Bu vəzifəni həyata keçirərkən əməyin mühafizəsi sahəsində mövcud olan normativ hüquqi aktlar nəzərə alınmalıdır.

 

Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri nələrdir?

- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;
- əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək;
- verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
- əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;
- müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq;
- əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.

İş yerində əməyin mühafizəsində həmkarlar ittifaqının rolu nədir?

Həmkarlar ittifaqları iş yerində əmək məcəlləsi və digər bu sahədə mövcud olan normativ hüquqi aktlarla müəyyən olunmuş əməyin mühafizəsi normalarına və qaydalarına ictimai nəzarəti həyata keçirir. Həmkarlar ittifaqları istehsalatda bədbəxt hadisələrin araşdırılmasında, eləcə də əməyin mühafizəsinin yaxşılaşdırılması istiqamətində yoxlamalarda iştirak edirlər. Həmkarlar ittifaqları iş yerində əməyin mühafizəsi tələbləri pozulduqda, istehsalatda baş vermis bədbəxt hadisələr gizlədildikdə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün dövlət orqanları qarşısında habelə işçilərin sağlamlığına zərərli və təsir göstərən materiallar, texniki və texnoloji vasitələr tətbiq olunan iş yerləri haqqında dövlət nəzarətini həyata keçirən orqan qarşısında məsələ qaldıra bilər.

 

Əməyin mühafizəsi üzrə giriş təlimatı nə üçün hazırlanmalıdır?

Giriş təlimatı iş yerində təhlükəsizlik qaydalarını özündə əks etdirən təlimat proqramıdır. İşəgötürən iş şəraitinə uyğun olaraq əməyin mühafizəsi üzrə giriş təlimatı hazırlamağa borcludur. İşçilər vəzifəsindən asılı olmayaraq işə başlamadan öncə işəgötürən tərəfindən hazırlanan giriş təlimatı proqramı ilə tanış olmalı və bu təlimatla tanış olmasını təsdiq edən jurnalı imzalamalıdırlar.

Giriş təlimatı proqramı necə hazırlanmalıdır?

İş yerlərində təhlükəsizlik və sağlamlıq qaydaları, avadanlıqların təhlükəsiz istifadə qaydası, yanğın təhlükəsizliyi, fövqəladə hallar zamanı davranış qaydaları, fərdi mühafizə vasitələrinin istifadə qaydaları və iş yerində sanitariya və gigiyena qaydaları haqqında məlumatlar giriş təlimatı proqramında ətraflı qeyd edilməlidir. Əməyin mühafizəsi üzrə təlimatlar iş yerlərinin fəaliyyətinə uyğun olaraq hazırlanmalıdır.

İstehsalat sahəsində işçinin təhlükəsizliyi üçün əsas şərtlər hansılardır?

İstehsalat sahəsində işçinin təhlükəsizliyi üçün ən əsas şərtlər:

İşçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;

Əməyin mühafizəsi tələblərinin yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi;

İşçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə pulsuz təmin edilməsi;

İstehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən araşdırılması, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;

Əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi;

İstehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiə olunmasi.

“Əməyin təhlükəsizliyi səmərəli fəaliyyətin nəticəsidir!”

Sanatoriya-kurort yollayışlarını necə əldə etmək olar?

Sanatoriya və istirahət mərkəzlərinə yollayışla bağlı müraciətlər “e-ahik.az” Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi vasitəsilə qəbul edilir. Sistem yollayışların verilməsi prosesində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılıb. Bu elektron sistem vasitəsilə müraciət real vaxt rejimində qeydiyyat-inteqrasiya prosesinə uyğun qəbul olunduqdan sonra məlumatlar emal edilir və müraciətçiyə cavab verilir. Əgər təsdiq cavabı verilərsə, şəxsi kabinetdə ödəniş linki vasitəsilə yollayışın qismən dəyəri ödənilir və elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. Daha sonra müraciətçi elektron yollayış və şəxsiyyət vəsiqəsi ilə göstərilən tarixdə sanatoriya və ya istirahət mərkəzinə yaxınlaşır.

Kimlər sanatoriya-kurort yollayışı almaq üçün müraciət edə bilər?

Həmkarlar ittifaqlarının üzvləri, sığortaolunanlar və əmək pensiyaçıları yollayış almaq üçün müraciət edə bilərlər
 

İstirahət mərkəzlərində və sanatoriyalarda istirahət və müalicə müddəti nə qədərdir?

İstirahət mərkəzlərində istirahət müddəti maksimum 6 gecə 7 gündür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sanatoriyaları üçün 7 günlük və 14 günlük müalicə paketləri təklif edilir.

Seçim isə sizindir, əziz müraciətçilər!

İl ərzində neçə dəfə güzəştli yollayış almaq olar?

Yollayış üçün müraciətlər e-ahik.az Elektron Rezervasiya Sistemi üzərindən həyata keçirilir. Hər bir ittifaq üzvü il ərzində yalnız bir dəfə güzəştli yollayışdan faydalana bilər. Ailə üzvü kimi yollayışdan yararlandıqda da, bu hal, güzəştli yollayışdan istifadə hesab olunur. Qeyd edək ki, üzvlərimizin daha çox hissəsinin bu yaradılmış imkanlardan faydalanması, güzəştlərdən istifadə etmələri üçün növbəlilik prinsipi tətbiq edilir.

Yollayışın ödənişi necə hesablanır?

Müraciətçi ailəsi ilə istirahət mərkəzinə getmək istəyirsə, yollayış ödənişi ailə üzrə hesablanmış ümumi məbləğin 15%-i olaraq ödənilir. Əgər sanatoriyaya müraciətçi və həyat yoldaşı birlikdə gedirsə və hər ikisi həmkarlar ittifaqı üzvüdürsə, bu zaman yollayış məbləğinin yalnız 15%-i ödənilir. Əgər həyat yoldaşı həmkarlar üzvü deyilsə, müraciətçi 15%, həyat yoldaşı isə 50% ödənişlə yollayış əldə edir.  

e-ahik.az üzəridən müraciət zamanı növbəti səhifəyə keçid edə bilmirəm. Səbəbi nə ola bilər?

e-ahik.az Elektron Rezervasiya Sistemi üzərindən müraciət edərkən sistemdə növbəti səhifəyə keçid yalnız tələb olunan bütün xanalar tam doldurulduqdan sonra mümkündür. Xahiş edirik ki, bütün məlumatların tam daxil olunduğuna əmin olun və növbəti səhifəyə keçid edin. 

Yollayışla bağlı müraciət zamanı istirahət mərkəzləri sistemdə niyə görünmür?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus, həmçinin AHİK-in əməkdaşlıq etdiyi istirahət və müalicə mərkəzlərinin “e-ahik.az” sisteminə inteqrasiyası təmin olunub. Mövcud boş otaqlar barədə məlumatlar otellər tərəfindən sistemə birbaşa daxil edilir. Vətəndaşın seçdiyi tarixdə getmək istədiyi sanatoriya və ya istirahət mərkəzi haqqında məlumatın sistemdə görünməməsi həmin tarixlərdə orada boş yerin olmaması ilə əlaqədardır.

Oteldə yer olmadığı deyilsə də, otelə zəng edəndə yerin çox olduğu bildirilir. Bu necə ola bilər?

Özəl sanatoriya və istirahət mərkəzləri Konfederasiya ilə əməkdaşlıq çərçivəsində yalnız müəyyən sayda otaqlar ayırır. Qalan otaqlar isə otel tərəfindən birbaşa satış üçün nəzərdə tutulur. Əgər sistemdə oteldə boş yer olmadığı göstərilirsə, bu, həmin obyekt üzrə həmkarlar ittifaqları üçün ayrılmış yerlərin artıq dolu olduğunu bildirir. Lakin bu, otelin ümumilikdə tam dolu olduğu anlamına gəlmir, çünki birbaşa otel tərəfindən satış üçün nəzərdə tutulmuş otaqlar da mövcud ola bilər. Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus, eləcə də onunla əməkdaşlıq edən istirahət və müalicə mərkəzlərinin “e-ahik.az” sisteminə real vaxt rejimində qeydiyyat-inteqrasiya prosesi tam təmin olunub.

Tələbələr həmkarlar ittifaqlarına üzv ola bilərlərmi?

“Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, təhsil alan şəxslər əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında həmkarlar ittifaqında könüllü birləşə və ya üzv ola bilər.

Zəhərli və təhlükəli maddələrlə necə rəftar olunmalıdır?

İstifadə etdiyiniz kimyəvi maddənin üzərindəki təhlükəsizlik təlimatı ilə tanış olun. Uyğun qoruyucu vasitələrdən-əlcək, maska, qoruyucu geyim, eynəkdən istifadə edin. İşlədiyiniz ərazinin yaxşı havalandırılmasına diqqət edin.İstifadə etdiyiniz maddələri qarışdırmayın – əks halda maddələrin qarışığından kimyəvi partlayış yarana bilər.

Tullantıları zibil qabına yox, xüsusi ayrılmış konteynerlərə atın!

AHİK+ platforması nədir və kimlər üçün nəzərdə tutulub?

AHİK+ platforması həmkarlar ittifaqları təşkilatlarının üzvləri üçün yaradılaraq istifadəyə verilmiş rəqəmsal tətbiqdir. Yəni AHİK+ proqramından yalnız həmkarlar ittifaqları təşkilatlarının üzvləri yararlana bilərlər. Bu tətbiq həmkarlar ittifaqları təşkilatlarının üzvlərinə sosial tərəfdaş müəssisələrinin təqdim etdiyi endirimlərdən faydalanmasına imkan yaradır.

AHİK+ platformasında təqdim edilən endirimlərdən necə istifadə etmək olar?

Həmkarlar ittifaqları təşkilatlarının üzvləri AHİK+ platformasında qeydiyyatdan keçərək müxtəlif xidmət şəbəkəsi olan sosial tərəfdaş müəssisələrinin təqdim etdiyi endirimlərlə tanış ola və istifadə etmək istədikləri xidməti seçərək ondan platformanın avtomatlaşdırılmış rejimdə təqdim etdiyi QR kod vasitəsilə aktivləşdirilməklə yararlana bilərlər. Endirim AHİK+ platforması tərəfindən həmkarlar ittifaqları üzvlərinə təqdim edilmiş QR kod vasitəsilə yalnız onun sosial tərəfdaş müəssisəsində oxudulmasından sonra aktivləşir.

Məlumatların təhlükəsizliyi necə təmin edilir?

AHİK+ platformasında bütün üzvlərə və sosial tərəfdaş müəssisələrinə dair toplanan məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”ə uyğun mühafizə edilir.

Sosial tərəfdaş müəssisələri AHİK+ platformasına necə qoşula bilər?

Sosial tərəfdaş müəssisələri AHİK+ platformasında qeydiyyatdan keçərək platformada öz xidmətlərini, xidmət şəbəkələrini, filiallarını və müvafiq xidmət üzrə təqdim etdikləri endirimləri əlavə etməlidirlər. Sosial tərəfdaş müəssisələri platformada qeydiyyatdan keçdikdən, AHİK ilə müvafiq razılaşma əldə etdikdən və bu razılaşma rəsmiləşdirildikdən sonra proqramın iştirakçısı hesab olunurlar.

Ödənişlərdə və ya endirimlərdə hər hansı bir limit varmı?

Sosial tərəfdaş müəssisələri ilə bağlanmış müqaviləyə əsasən yalnız müqavilədə göstərilən mallara və ya xidmətlərə endirim tətbiq edilir. Müqavilədə göstərilməyən mal və ya xidmətlər üçün endirim tələb edilə bilməz.

Endirim faizləri necə təyin olunur?

Endirim faizlərinin dərəcələri sosial tərəfdaş müəssisələri ilə bağlanmış müqaviləyə əsasən müəyyən edilir və onların dərəcələri təqdim edilən mal, xidmət və sosial tərəfdaş müəssisələrinin filiallarına görə dəyişir.

QR kodu aktivləşdirildikdən sonra nə qədər müddət ərzində istifadə etmək lazımdır?

QR koddan onun aktivləşməsindən sonra 30 saniyə ərzində istifadə edilməlidir. Əgər bu müddət ərzində QR koddan istifadə edilməzsə, istifadəçi tərəfindən QR kodun yenidən aktivləşdirilməsi ilə bağlı müvafiq hərəkətlər bir daha həyata keçirilməlidir.

QR kod başqasına təqdim oluna bilərmi?

QR kod həmkarlar ittifaqları təşkilatlarının üzvlərinin AHİK+ platformasındakı şəxsi kabinetə (hesabına) bağlıdır və yalnız müvafiq platformada qeydiyyatdan keçmiş üzvün istifadəsi üçün nəzərdə tutulub.

AHİK+ proqramından eyni gündə bir neçə dəfə istifadə etmək olarmı?

Həmkarlar ittifaqları təşkilatlarının üzvləri AHİK+ proqramından gün ərzində limitsiz istifadə edə bilərlər.

Endirimlər yalnız mağazalarda keçərlidir, yoxsa onlayn alış-veriş üçün də istifadə edilə bilər?

AHİK+ proqramından onlayn alış-verişdə istifadə edilməsi nəzərdə tutulmur.

Həmkarlar ittifaqları təşkilatının üzvü olmadıqda AHİK+ proqramından necə yararlanmaq olar?

AHİK+ proqramından yalnız həmkarlar ittifaqları təşkilatlarının üzvləri yararlana bilərlər. AHİK+ proqramından faydalanmaq istəyirsinizsə, həmkarlar ittifaqı təşkilatına üzv olmalısınız. Bununla bağlı işlədiyiniz və ya təhsil aldığınız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edə bilərsiniz. Əgər işlədiyiniz müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərmirsə, ən azı yeddi nəfər işçi birlikdə həmkarlar ittifaqı yarada və öz istəkləriniz ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul edə bilərlər. Əlavə məlumat və dəstək üçün (012) 599 77 77 nömrəli AHİK Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Texniki xəta səbəbindən qeydiyyat mümkün olmadıqda nə etmək olar?

Əgər texniki xəta səbəbindən AHİK+ platformasında qeydiyyat zamanı problemlərlə qarşılaşarsınızsa, ahikplus@ahik.org elektron poçt ünvanına və ya (012) 599 77 77 nömrəli AHİK-in Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.