Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hüquqi varisidir.
2025-ci ilin 10 mart tarixində Aqrar Sahə İşçiləri, Azərbaycan Su Təsərrüfatı İşçiləri, Azərbaycan Respublikası Təbii Sərvətlər və Ekologiya İşçiləri həmkarlar ittifaqlarının Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqına birləşmələri təsdiqlənib və təşkilatın adı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi olaraq dəyişdirilib.
Respublika Birliyi kənd təsərrüfatı, meliorasiya və su, ekologiya, qida, tütünçülük, çayçılıq, şərabçılıq və müvafiq sahələrdə fəaliyyət göstərən dövlət və özəl təsərrüfat sahəsindəki işçiləri özündə birləşdirir.
Birlik 349 həmkarlar ittifaqı təşkilatını, o cümlədən 34 şəhər, rayon komitəsini əhatə edir. 55 minə yaxın üzvü var.
Sahə həmkarlar ittifaqının ali orqanı beş ildə bir dəfə çağırılan qurultaydır.
Qurultaylararası dövrdə həmkarlar ittifaqının rəhbər orqanı sahə həmkarlar ittifaqının Məclisidir. Məclis cari işlərin təşkili və aparılması, onun Nizamnamə funksiyasını həyata keçirmək üçün sahə həmkarlar ittifaqının İcraiyyə Komitəsini seçir.
İttifaq Tütün Sənayesi, Kənd Təsərrüfatı və müvafiq sahə işçilərinin Beynəlxalq İttifaqının üzvüdür.
İttifaq Türkiyə, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistanın sahə həmkarlar ittifaqları ilə sıx əlaqələr qurmağa müvəffəq olub.