Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün maarifləndirici təlim keçirilib.
“Kiçik və orta biznesdə əməyin təhlükəsizliyi və sağlamlığın mühafizəsi üzrə bacarıqların inkişaf etdirilməsi” mövzusunda təşkil edilən təlimdə kiçik və orta biznes subyektlərində fəaliyyət göstərən həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər.
Təlim zamanı iştirakçılara əməyin təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri, peşə risklərinin qiymətləndirilməsi metodları, işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması, eləcə də istehsalatda baş verə biləcək qəza və fövqəladə halların qarşısının alınması üzrə praktiki biliklər təqdim edilib.
Həmçinin təlim çərçivəsində müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.