ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

30 Dekabr 2025

Naxçıvanda ittifaq üzvləri üçün bayram tədbiri keçirilib

Naxçıvanda ittifaq üzvləri üçün bayram tədbiri keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Naxçıvan Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə “Duzdağ” oteldə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil olunub.

Həmkarlar ittifaqı üzvlərinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra AHİK-in 2025-ci il ərzində fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən AHİK-in sədr müavini, Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, bu cür tədbirlərin həmkarlar ittifaqı üzvləri arasında birliyin və həmrəyliyin möhkəmlənməsində önəmli rol oynadığını vurğulayıb.

Tədbirdə həmçinin uzun illər həmkarlar ittifaqları sistemində fəaliyyət göstərmiş və hazırda təqaüddə olan şəxslər çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıblar.

Tədbir çərçivəsində səmərəli fəaliyyəti və yüksək fəallığı ilə seçilən ilk həmkarlar ittifaqı komitələrinin nümayəndələri mükafatlandırılıb, eləcə də Şuranın fəaliyyətinə il ərzində könüllü dəstək göstərən fəal gənclərə təşəkkürnamələr təqdim olunub.

Bayram tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin “Harmoniya” instrumental ansamblının müşayiəti ilə musiqi və rəqs nömrələri təqdim edilib.