Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Türk Metal Həmkarlar İttifaqı nümayəndə heyəti ilə görüş olub.
Görüşdə Azərbaycanla Türkiyə arasında möhkəm təməllər üzərində qurulan qardaşlıq əlaqələrinin hazırda ən yüksək inkişaf mərhələsində olduğu vurğulanıb. Ölkələrimizin yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin digər sahələrdə olduğu kimi, həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı üçün də geniş imkanlar yaratdığı diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətinin səmərəli təşkili sahəsində gördüyü işlər, aparılan islahatlar, tətbiq edilən yeniliklər, həyata keçirilən layihələr barədə məlumat verilib.
Türk Metal Həmkarlar İttifaqı Baş katibinin müavini Turajon Raupov təmsil etdiyi qurumun formalaşması, quruluşu, fəaliyyət istiqamətləri barədə danışıb, təşkilatların qarşılıqlı münasibətləri, kollektiv müqavilələrlə baglı görülən işlər, maliyyə vəsaitinin istifadə mexanizmi, eləcə də əmək hüquqlarının qorunması ilə bağlı atılan addımlar barədə məlumat verib, təcrübə mübadiləsinin vacibliyini qeyd edib. Qonaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əlaqələrin genişləndirilməsi istiqamətləri barədə də fikirlərini bölüşüb.
Sonda Türk Metal Həmkarlar İttifaqının nümayəndələri AHİK-in “Kurort” Turizm İnformasiya Mərkəzinin, eləcə də Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.