Naxçıvan Dövlət Universiteti, Naxçıvan Həmkarlar İttifaqları Şurası, Çankırı Karatekin Universiteti, İğdır Universiteti, Rzeszow Universiteti (Polşa), AMEA-nın Naxçıvan Bölməsi və Azərbaycan Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun birgə təşəbbüsü ilə III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi keçirilib.
Konqresin açılışı “Duzdağ” müalicə mərkəzində baş tutub. Tədbirin məqsədi duz mədənlərinin geoloji, tibbi, ekoloji və turizm potensialını elmi yanaşmalar əsasında araşdırmaq, bu istiqamətdə aparılan tədqiqatları beynəlxalq səviyyədə müzakirə etmək, speleoterapiya və sağlamlıq turizmi üzrə yeni əməkdaşlıq imkanları yaratmaqdır.
Açılışdan əvvəl iştirakçılar yenilənmiş infrastrukturla təmin olunmuş müalicə mərkəzi ilə tanış olublar. Qonaqlara müalicə alanlar üçün ayrılmış xüsusi sahələr, kitabxana, konfrans zalı və ümumi fəaliyyət prinsipləri barədə məlumat verilib. Bildirilib ki, dəniz səviyyəsindən 1100 metr dərinlikdə, ümumi uzunluğu 46 kilometr olan duz mağarasında hazırda 440 çarpayı mövcuddur.
Ardınca keçirilən tədbirdə çıxış edənlər Duzdağın sistemli elmi tədqiqi, beynəlxalq əməkdaşlıq imkanları və gələcək tədqiqatların əhəmiyyəti vurğulanıb. Konqresin həm yerli, həm də beynəlxalq səviyyədə Duzdağın elmi əsaslarla tanıdılmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Tədbirin sonunda Naxçıvan Dövlət Universiteti və Naxçıvan Həmkarlar İttifaqları Şurası tərəfindən təşkilatçılara hədiyyələr təqdim olunub.
Konqres öz işini Naxçıvan Dövlət Universitetində keçirilən bölmə iclasları ilə davam etdirib.