Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) üzv təşkilatların rəhbərləri ilə qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər barədə müzakirələr davam etdirilir.
Növbəti bu cür tədbirdə AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova qurumun fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.
Komitə sədri səhiyyə sahəsində çalışan işçilərin əmək hüquqlarının müdafiəsi, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib.
Qeyd olunub ki, Respublika Komitəsi tərəfindən “Yaşıl dünya naminə”, “Gil sənəti üzrə master-klas”, “Sağlamlığa doğru qaç” kimi layihələr uğurla həyata keçirilib. Bu layihələr səhiyyə sistemində çalışan həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili və həmrəyliyin gücləndirilməsinə xidmət edib. Eyni zamanda ağacəkmə aksiyaları, idman tədbirləri, müxtəlif mövzularda təlimlər və əmək hüquqları ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub.
Bayram və əlamətdar günlərdə isə ittifaq üzvlərinə, şəhid ailələrinə və həssas əhali qruplarına hədiyyələr təqdim olunub, maddi və mənəvi dəstək göstərilib.
Həmçinin ittifaq üzvlərinin sağlamlığının qorunmasına, istirahətinin səmərəli təşkilinə diqqət artırılıb, onlar sanator-kurort yollayışları ilə təmin olunurlar.
Görüşdə AHİK və üzv təşkilatların qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.