ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

03 Dekabr 2025

AHİK-də Özbəkistan və Qazaxıstan həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş olub

AHİK-də Özbəkistan və Qazaxıstan həmkarlar ittifaqlarının nümayəndələri ilə görüş olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Qazaxıstan Mədəniyyət, İdman, Turizm və İnformasiya İşçiləri Sahə Həmkarlar İttifaqının sədri Svetlana İmankulova və Özbəkistan Mədəniyyət, İdman və Turizm İşçiləri Həmkarlar İttifaqı Respublika Şurasının sədr müavini Odinaxon Axmedova ilə görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə inkişaf edən əlaqələrdən danışılıb, dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində əməkdaşlığın strateji səviyyəyə yüksəldiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycanda mədəniyyət sahəsində çalışan şəxslərə, yaradıcı insanlara böyük diqqət və qayğı göstərilir, onların əmək hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirdə həmçinin ölkəmizdə həmkarlar ittifaqları üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili sahələrində görülən işlər, reallaşdırılan layihələr və tətbiq olunan yeniliklər barədə məlumat verilib.

Özbəkistan və Qazaxıstan nümayəndələri Azərbaycan həmkarlar ittifaqları sistemində tətbiq olunan yenilikləri yüksək dəyərləndirib və bunun müsbət təcrübə olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, ölkələrimizin həmkarlar ittifaqları arasında tərəfdaşlıq genişlənir, bu əməkdaşlıq digər sahələrdə olduğu kimi, mədəniyyət işçilərinin sosial müdafiəsi, peşə hazırlığı və təcrübə mübadiləsi istiqamətində də əlaqələrin inkişafına əlavə imkanlar yaradır.

Görüş çərçivəsində AHİK-in üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Qazaxıstan Mədəniyyət, İdman, Turizm və İnformasiya İşçiləri Sahə Həmkarlar İttifaqı, eləcə də Özbəkistan Mədəniyyət, İdman və Turizm İşçiləri Həmkarlar İttifaqı Respublika Şurası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Sonra Özbəkistan və Qazaxıstan həmkarlar ittifaqı nümayəndələri AHİK-in “Çağrı Mərkəzi” və vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin “Kurort” Turizm İnformasiya Mərkəzində tətbiq olunan yeniliklər, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olublar.