ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

“AHİK Plus” layihəsi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının həyata keçirdiyi “AHİK Plus” layihəsi yalnız həmkarlar ittifaqları üzvləri üçün nəzərdə tutulub. 

“AHİK Plus”un məqsədi həmkarlar ittifaqı üzvlərinin sosial rifahının yüksəldilməsi, onların gündəlik həyatında əlavə üstünlüklər əldə etməsinə şərait yaratmaqdır. Layihə çərçivəsində üzvlər sosial tərəfdaş müəssisələrin təqdim etdiyi endirimlərdən, bonuslardan, xüsusi güzəştlərdən yararlanmaq imkanı qazanırlar.

“AHİK Plus” layihəsi sosial tərəfdaşlıq prinsipləri əsasında reallaşdırılır və gələcəkdə tərəfdaş müəssisələrin və təqdim olunan güzəştlərin daha da genişləndirilməsi nəzərdə tutulur.

 

 

AHİK+ platforması ilə bağlı tez-tez verilən suallar:

 

1. AHİK+ platforması nədir və kimlər üçün nəzərdə tutulub?

AHİK+ platforması həmkarlar ittifaqları təşkilatlarının üzvləri üçün yaradılaraq istifadəyə verilmiş rəqəmsal tətbiqdir. Yəni AHİK+ proqramından yalnız həmkarlar ittifaqları təşkilatlarının üzvləri yararlana bilərlər. Bu tətbiq həmkarlar ittifaqları təşkilatlarının üzvlərinə sosial tərəfdaş müəssisələrinin təqdim etdiyi endirimlərdən faydalanmasına imkan yaradır.

2. AHİK+ platformasında təqdim edilən endirimlərdən necə istifadə etmək olar?

Həmkarlar ittifaqları təşkilatlarının üzvləri AHİK+ platformasında qeydiyyatdan keçərək müxtəlif xidmət şəbəkəsi olan sosial tərəfdaş müəssisələrinin təqdim etdiyi endirimlərlə tanış ola və istifadə etmək istədikləri xidməti seçərək ondan platformanın avtomatlaşdırılmış rejimdə təqdim etdiyi QR kod vasitəsilə aktivləşdirilməklə yararlana bilərlər. Endirim AHİK+ platforması tərəfindən həmkarlar ittifaqları üzvlərinə təqdim edilmiş QR kod vasitəsilə yalnız onun sosial tərəfdaş müəssisəsində oxudulmasından sonra aktivləşir.

3. Məlumatların təhlükəsizliyi necə təmin edilir?

AHİK+ platformasında bütün üzvlərə və sosial tərəfdaş müəssisələrinə dair toplanan məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”ə uyğun mühafizə edilir.

4. Sosial tərəfdaş müəssisələri AHİK+ platformasına necə qoşula bilər?

Sosial tərəfdaş müəssisələri AHİK+ platformasında qeydiyyatdan keçərək platformada öz xidmətlərini, xidmət şəbəkələrini, filiallarını və müvafiq xidmət üzrə təqdim etdikləri endirimləri əlavə etməlidirlər. Sosial tərəfdaş müəssisələri platformada qeydiyyatdan keçdikdən, AHİK ilə müvafiq razılaşma əldə etdikdən və bu razılaşma rəsmiləşdirildikdən sonra proqramın iştirakçısı hesab olunurlar.

5. Ödənişlərdə və ya endirimlərdə hər hansı bir limit varmı?

Sosial tərəfdaş müəssisələri ilə bağlanmış müqaviləyə əsasən yalnız müqavilədə göstərilən mallara və ya xidmətlərə endirim tətbiq edilir. Müqavilədə göstərilməyən mal və ya xidmətlər üçün endirim tələb edilə bilməz.

6. Endirim faizləri necə təyin olunur?

Endirim faizlərinin dərəcələri sosial tərəfdaş müəssisələri ilə bağlanmış müqaviləyə əsasən müəyyən edilir və onların dərəcələri təqdim edilən mal, xidmət və sosial tərəfdaş müəssisələrinin filiallarına görə dəyişir.

7. QR kodu aktivləşdirildikdən sonra nə qədər müddət ərzində istifadə etmək lazımdır?

QR koddan onun aktivləşməsindən sonra 30 saniyə ərzində istifadə edilməlidir. Əgər bu müddət ərzində QR koddan istifadə edilməzsə, istifadəçi tərəfindən QR kodun yenidən aktivləşdirilməsi ilə bağlı müvafiq hərəkətlər bir daha həyata keçirilməlidir.

8. QR kod başqasına təqdim oluna bilərmi?

QR kod həmkarlar ittifaqları təşkilatlarının üzvlərinin AHİK+ platformasındakı şəxsi kabinetə (hesabına) bağlıdır və yalnız müvafiq platformada qeydiyyatdan keçmiş üzvün istifadəsi üçün nəzərdə tutulub.

9. AHİK+ proqramından eyni gündə bir neçə dəfə istifadə etmək olarmı?

Həmkarlar ittifaqları təşkilatlarının üzvləri AHİK+ proqramından gün ərzində limitsiz istifadə edə bilərlər.

10. Endirimlər yalnız mağazalarda keçərlidir, yoxsa onlayn alış-veriş üçün də istifadə edilə bilər?

AHİK+ proqramından onlayn alış-verişdə istifadə edilməsi nəzərdə tutulmur.

11. Həmkarlar ittifaqları təşkilatının üzvü olmadıqda AHİK+ proqramından necə yararlanmaq olar?

AHİK+ proqramından yalnız həmkarlar ittifaqları təşkilatlarının üzvləri yararlana bilərlər. AHİK+ proqramından faydalanmaq istəyirsinizsə, həmkarlar ittifaqı təşkilatına üzv olmalısınız. Bununla bağlı işlədiyiniz və ya təhsil aldığınız müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edə bilərsiniz. Əgər işlədiyiniz müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərmirsə, ən azı yeddi nəfər işçi birlikdə həmkarlar ittifaqı yarada və öz istəkləriniz ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul edə bilərlər. Əlavə məlumat və dəstək üçün (012) 599 77 77 nömrəli AHİK Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

12. Texniki xəta səbəbindən qeydiyyat mümkün olmadıqda nə etmək olar?

Əgər texniki xəta səbəbindən AHİK+ platformasında qeydiyyat zamanı problemlərlə qarşılaşarsınızsa, ahikplus@ahik.org elektron poçt ünvanına və ya (012) 599 77 77 nömrəli AHİK-in Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.