ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

23 Yanvar 2026

“Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsinin qaliblərinin təltifetmə mərasimi keçirilib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov, Milli Məclisin deputatları, mükafatın ekspert şurasının üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin Üzeyir Hacıbəyliyə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Nazirlik və AHİK-in üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşəbbüsü ilə reallaşan müsabiqə musiqi və incəsənət təhsili sahəsində fəaliyyət göstərən müəllimlərin peşəkarlığının təşviqi, eləcə də milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nazir bu cür layihələrin davamlılığının önəmini vurğulayaraq “Üzeyir Hacıbəyli Mükafatı”nın qaliblərini təbrik edib və onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxışında dövlət tərəfindən mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğını, mədəniyyət xadimlərinin əməyinə verilən yüksək qiyməti, yaradıcı şəxslərin sosial rifahının yüksəldilməsi, gənc istedadların üzə çıxarılması və onların beynəlxalq arenada tanıdılması üçün yaradılan geniş imkanları vurğulayıb. Konfederasiya sədri həmçinin “Üzeyir Hacıbəyli Mükafatı” müsabiqəsinin musiqi məktəb və mərkəzlərində çalışan istedadlı müəllimlərin müəyyənləşdirilməsi, pedaqoji bacarıqlarının qiymətləndirilməsi baxımından önəmini qeyd edərək bu təşəbbüsün müəllim əməyinə verilən yüksək dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb.
Sonra müsabiqənin qaliblərinə mükafat və diplomlar təqdim olunub.
Qeyd edək ki, müsabiqədə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim iştirak edib. Onlardan 19-u müsabiqənin qalibi adına layiq görülüb.
Tədbir bədii hissə ilə yekunlaşıb. “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri  olan müəllimlərin və onların yetirmələrinin ifasında səsləndirilən musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.