Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi və AHİK-in üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində əməyin mühafizəsinə dair seminar keçirilib.
Seminarda cənub regionunda fəaliyyət göstərən aqrar, ekologiya və su təsərrüfatı idarə və təşkilatlarının həmkarlar ittifaqı komitələrinin sədrləri, eləcə də insan resursları və əməyin təhlükəsizliyi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Tədbiri açan Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev əməyin mühafizəsinin həm işçi, həm də işəgötürən üçün vacib olduğunu diqqətə çatdırıb, bu cür təlimlərin işçilərin sağlamlığının qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Respublika Birliyinin sədr müavini Fuad Məmmədov isə həmkarlar ittifaqlarının əməyin təhlükəsizliyinə dair tədbirlərinin önəmini qeyd edərək 2025-ci ildə bu istiqamətdə görülən işlərdən danışıb.
Seminar çərçivəsində iştirakçılara əməyin mühafizəsi, iş yerlərində təhlükəsizlik texnikası, fövqəladə hallarda davranış qaydaları və müasir texnoloji vasitələrdən istifadə mövzularında ətraflı məlumat verilib, həmçinin real iş mühitində qarşılaşa biləcəkləri təhlükə və risklərin düzgün qiymətləndirilməsi üsulları izah edilib.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.
Sonda təlim iştirakçılarına təşəkkürnamələr təqdim olunub.