ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

22 Yanvar 2026

ETİHİ Azərbaycanı Gürcüstanda təmsil etdi

ETİHİ Azərbaycanı Gürcüstanda təmsil etdi

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Təhsil üzrə Avropa Həmkarları İttifaqı Komitəsinin təşəbbüsü ilə “Cəmiyyətə açıq olaq, təhsili maliyyələşdirək!” (Go Public! Fund Education) kampaniyası çərçivəsində sub-regional görüş keçirilib.

Tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın təhsil işçiləri həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Görüşdə təhsil işçilərinin əmək və sosial şəraitinin yüksəldilməsi, onlara hərtərəfli sosial dəstəyin göstərilməsi, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, təhsilin maliyyələşdirilməsi və davamlı sosial dialoq mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.


Tədbirdə çıxış edən Gürcüstanın elm, təhsil və gənclər naziri Givi Mikanadze, Beynəlxalq Təhsil Birliyinin “Go Public! Fund Education” kampaniyası üzrə koordinatoru Angelo Gavrielatos və Təhsil üzrə Avropa Həmkarları İttifaqı Komitəsinin direktoru Jelmer Evers UNESCO və BMT-nin müəllimlik peşəsi ilə bağlı tövsiyələr verərək, bu sahədə qlobal çağırışlardan danışıblar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədri Araz Paşayev tədbirdə sürətli rəqəmsallaşmanın əmək bazarına təsirləri, Azərbaycanda müəllimlərin işə qəbulu və sertifikatlaşdırma mexanizmləri, eləcə də təhsil sahəsində həyata keçirilən peşəkar inkişaf proqramları barədə məlumat verib. 

O, eyni zamanda son bir il ərzində Respublika Komitəsinin reallaşdırdığı sosial layihələrdən bəhs edib, elm və təhsil işçilərinə göstərilən dəstək tədbirləri və təqdim olunan xidmətlərə əlçatanlıqdan danışıb.

Yekunda sub-regional əməkdaşlığın genişləndirilməsi və növbəti iclasın cari ilin oktyabr ayında Tacikistanda keçirilməsi qərarı qəbul edilib.

Qeyd edək ki, Təhsil üzrə Avropa Həmkarları İttifaqı Komitəsi 48 ölkədən 120 təşkilatı və 4,9 milyon ittifaq üzvünü birləşdirir. ETİHİ Respublika Komitəsi 2010-cu ildən bu qurumun üzvüdür.