Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının digər üzv təşkilatları kimi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) də bölgələr üzrə ilk həmkarlar ittifaqları ilə görüşlərini davam etdirir.
Növbəti görüşlər Ağstafa rayonunda və Gəncə şəhərində keçirilib. ETİHİ RK-nın nümayəndələri tədbirlərdə çıxış edərək əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu vurğulayıb və üzv təşkilatlar arasında həmrəyliyin əhəmiyyətini qeyd ediblər. Həmçinin bildirilib ki, üzv təşkilatlarla birbaşa dialoqun qurulması və onların fəaliyyətinin dəstəklənməsi ETİHİ RK-nın prioritetlərindəndir.
Görüşlər zamanı sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının qorunması sahələri üzrə həyata keçirilmiş layihələr, eləcə də fəaliyyət istiqamətləri barədə təqdimatlar edilib. İştirakçılar yeni təşəbbüslər və qarşıdakı planlarla bağlı fikir mübadiləsi aparıb, suallar cavablandırılıb, rəy və təkliflər dinlənilib.
ETİHİ RK bölgələrdə ilk həmkarlar ittifaqları ilə görüşlərini mərhələli şəkildə davam etdirir.