Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) və AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə “Əmək qanunvericiliyinin tətbiqi problemləri” və “Sosial təminat qanunvericiliyinin tətbiqi problemləri” mövzularında keçirilən ixtisasartırma təlimləri başa çatıb.
ATİAHİRK-nın komitə sədrlərinin qatıldığı təlimlərin yekununda çıxış edən Akademiyanın rektor vəzifəsini icra edən Yusif Ağayev belə proqramların iştirakçıların hüquqi savadlılığının artırılmasında və normativ sənədlərin tətbiqində rast gəlinən çətinliklərin aradan qaldırılmasında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, təlimlər interaktiv formatda keçirilib və iştirakçılar əldə etdikləri bilikləri praktiki nümunələr üzərində sınaqdan keçirmək imkanı qazanıblar.
ATİAHİ RK-nın sədr müavini Mirzə Cəfərzadə isə iştirakçıların əmək münasibətləri və sosial təminatla bağlı normativ hüquqi aktların tətbiqi sahəsində həm nəzəri, həm də praktik biliklər qazandıqlarını və bu məlumatların onların peşə fəaliyyətində səmərəliliyin artırılmasına töhfə verəcəyini diqqətə çatdırıb. Tədbirdə həmçinin Akademiyanın gələcəkdə də həmkarlar ittifaqı üzvlərinin peşəkar inkişafına dəstək verməkdə davam edəcəyi vurğulanıb.
Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd iştirakçıların nəzəri biliklərinin və praktiki bacarıqlarının inkişaf etdirilməsidir.
Tədbirin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.