ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AHİK-in sanatoriyaları

“Bilgəh” Kardioloji Sanatoriyası

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Bilgəh” sanatoriyası.

Sanatoriyanın yerləşdiyi məkanın mülayim iqlim şəraitinə malik olması  ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir, xəstələr burada təbii və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur. Burada müalicə və yataq korpusları, 1 və 2 mərtəbəli  kotteclər, yeməkxana və klub, idman meydançası, tennis kortu və digər yardımçı binalar mövcuddur. 406 çarpayılıq sanatoriyada 70 otaq 1 nəfərlik, 168 otaq isə 2 nəfərlikdir.

Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, R.Ocaqov küçəsi, 94.

 

“Abşeron” Sağlamlıq Mərkəzi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Abşeron” sanatoriyası.

Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan və parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyada iki yataq korpusu, 1 müalicə korpusu, konfrans zalı, klub və rəqs meydançası var. Sanatoriya 192 nəfərlik çarpayı tutumu ilə xidmət göstərir.

Ünvan: Bakı, Azərbaycan, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 95.

 

“Qaranquş” Sağlamlıq Mərkəzi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Qaranquş” sanatoriyası.

Xəstələr burada təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunurlar və Qalaaltı mineral su qalereyası da xəstələrə xidmət göstərir (Naftusiya tipli). İstirahət edənlərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı var. Burada  3 yataq və bir müalicə korpusu, müalicəvi idman qurğuları ilə təchiz edilmiş kompleks və idman meydançası yerləşir.

Ünvan: Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi 45. 

“Günəşli” Sağlamlıq Mərkəzi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Günəşli” sanatoriyası.

İqlimin yayda isti-quru, qışda mülayim olması sinir sistemi xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edir. Burada istirahət edənlərin ilin 5-6 ayı ərzində Xəzər dənizində çimmək imkanı vardır.  Xəstələr təbii müalicəvi palçıq və müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur. Sanatoriyada 2 yataq korpusu, inzibati bina, müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqs və idman meydançaları mövcuddur.

Ünvan: Bakı, Azərbaycan, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 99.

 

“Buzovna” fizioterapiya mərkəzi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Buzovna” fizioterapiya mərkəzi.

Mərkəzdə 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu fəaliyyət göstərir. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də burada ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb. Mərkəzin ərazisindəki ikimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir.

Ünvan: Bakı şəhəri, Buzovna qəsəbəsi, Dənizkənarı 9.

 

“Şıx” Sağlamlıq Mərkəzi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin “Şıx” Sağlamlıq Mərkəzi.

Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən sanatoriyada hər cür müasir şəraitə malik 175 çarpayılıq iki yataq korpusu var. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyada xəstəlik tarixi, müalicə kabinetlərinin fəaliyyəti, mühasibatlıq və yeməkxana pilot layihə olan mərkəzləşmiş smart sistemə qoşulub. Xidmətlərə kükürdlü su vannaları, naftalan və parafin terapiyası daxildir.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsi 45.

 

“Darıdağ" arsenli su müalicə mərkəzi

AHİK-in üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının “Darıdağ" arsenli su müalicə mərkəzi.

“Darıdağ" arsenli su müalicə mərkəzi Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşir.  “Darıdağ” suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur: Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur, lakin suyun tərkibindəki mineral duzların mütənasibliyinə görə “Darıdağ” suyu onlardan üstündür. “Darıdağ” suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərinin, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarının müalicəsində geniş istifadə edilib. Hazırda burada arsenli su vannası vasitəsilə revmatik, dəri, əzələ və sinir sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır.


Ünvan: Culfa rayon, Darıdağ massivi

“Duzdağ” hotel

AHİK-in üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasının “Duzdağ” hoteli.

Otel ləziz və sağlam mətbəxi, bir-birindən maraqlı əyləncə növləri, geniş və işıqlı otaqları ilə 5 ulduzlu məkanın lüks və rahatlığını özündə birləşdirir. Burada 100 standart, 35 kiçik suit, 8 suit, 1 kral dairəsi olmaqla 144 otaq və 7 villa fəaliyyət göstərir. Aqua park, sürüş zolağı, oyun zalı, Duzdağ Hotel Spa Mərkəzi, mini futbol meydançası istirahətə gələnlərin istifadəsindədir.

Ünvan: Babək rayon, Duzdağ şaxtası yolu.

 

“Kurort Naftalan” Sağlamlıq Mərkəzi

“Kurort Naftalan” sağlamlıq mərkəzi müalicə-sağlamlıq turizmi sahəsində beynəlxalq səviyyədə tanınan Naftalan şəhərində yerləşir. Mərkəz 50 çarpayılıq, 26 otaqdan ibarətdir və müalicə alan qonaqların rahatlığı üçün bütün zəruri şəraitlə təmin olunub.
Sağlamlıq mərkəzində həkim otaqları, masaj və vanna bölmələri, fizioterapiya kabinetləri, yeməkxana, eləcə də idman zalı fəaliyyət göstərir. Müasir tibbi avadanlıqlarla təchiz edilmiş müalicə korpusunda müayinə, masaj, fizioterapiya, parafin və karbon terapiyası otaqları, inqalyasiya bölməsi və müxtəlif profilli tibbi kabinetlər mövcuddur.
“Kurort Naftalan”ın müalicə bazası əsasən dayaq-hərəkət sistemi və dermatoloji xəstəliklərin müalicəsinə yönəlib. Burada 4-cü nəsil müasir tibbi avadanlıqlarla həyata keçirilən fizioterapiya xidmətləri, eləcə də müalicəvi naftalan nefti əsasında vanna prosedurları təqdim olunur.
Mərkəzin müalicə xidmətlərinə naftalan vannaları, kombinə edilmiş naftalan prosedurları, manual terapiya, parafin terapiyası, hidroterapiya (su-fizioterapiya), inqalyasiya və digər müalicəvi prosedurlar daxildir.

Ünvan: Naftalan şəhəri, Heydər Əliyev prospekti 198

 

 

“Şəfa” sanatoriyası

“Şəfa” sanatoriyası Qax rayonunda 3 hektarlıq meşəlik ərazidə yerləşir. Sanatoriyada qonaqların rahatlığı və istirahətinin səmərəliliyi üçün hər cür şərait yaradılıb. Burada 1 ədəd 3 mərtəbəli yaşayış binası, yeməkxana, 4 ədəd kottec, uşaq oyun meydançası, voleybol və basketbol meydançaları, həmçinin hovuz fəaliyyət göstərir.

Sanatoriyada ürək-damar, sümük-oynaq və əzələ sistemləri, böyrək, mədə-bağırsaq, periferik sinir sistemi və maddələr mübadiləsi pozuntuları kimi bir sıra xəstəliklərin profilaktik müalicəsi üçün şərait mövcuddur.

Qonaqlar gündə 3 dəfə yeməklərlə təmin olunurlar. Menyuda həm diyetik qidalar, həm də milli mətbəxin zəngin nümunələri nəzərə alınır.

“Şəfa” sanatoriyası istirahət etmək və eyni zamanda sağlamlığını bərpa etmək istəyənlər üçün ideal məkandır.

Ünvan: Qax rayonu